Qoit

Zob və Tiroid Düyünləri


Qalxanabənzər vəzi (tiroid vəzi) boynun ön hissəsində yerləşən və orqanizmin maddələr mübadiləsinin tənzimlənməsində mühüm rol oynayan endokrin orqandır. Qalxanabənzər vəzinin böyüməsi zob, vəzin daxilində ətraf tiroid toxumasından fərqlənən məhdud törəmələrin yaranması isə tiroid düyünü adlandırılır.

Tiroid düyünləri kifayət qədər geniş yayılmışdır və onların böyük əksəriyyəti xoşxassəlidir. Buna görə tiroiddə düyünün aşkar edilməsi xərçəng diaqnozu demək deyil və hər düyünün əməliyyat olunmasına ehtiyac yoxdur.

Əsas məqsəd düyünün xərçəng riski daşıyıb-daşımadığını, hormon istehsal edib-etmədiyini, zamanla böyüyüb-böyümədiyini və nəfəs borusu, qida borusu kimi ətraf strukturlara təzyiq göstərib-göstərmədiyini müəyyən etməkdir.

Zob və tiroid düyünləri hansı əlamətlərə səbəb ola bilər?
Kiçik tiroid düyünləri uzun müddət heç bir şikayət yaratmaya bilər. Bir çox xəstədə düyün başqa səbəblə aparılan boyun ultrasəsi, KT və ya digər görüntüləmə müayinəsi zamanı təsadüfən aşkar edilir.

Düyün və ya qalxanabənzər vəzi böyüdükcə boyunda görünən və ya əllə hiss edilən şişkinlik, boğazda təzyiq və ya yad cisim hissi, udmada çətinlik, nəfəsalmada narahatlıq yarana bilər.

Böyük zob nəfəs borusunu sıxa və ya döş qəfəsinin yuxarı hissəsinə doğru böyüyə bilər. Qalxanabənzər vəzinin döş sümüyünün arxasına doğru uzanması retrosternal zob adlandırılır.

Bəzi düyünlər normadan artıq tiroid hormonu istehsal edə bilər. Belə hallarda ürəkdöyünmə, tərləmə, əllərdə titrəmə, əsəbilik, istiyə dözümsüzlük və səbəbsiz çəki itkisi kimi hipertireoz əlamətləri meydana çıxa bilər.

Tiroid düyünü xərçəng ola bilərmi?


Bəli, tiroid düyünlərinin müəyyən bir hissəsi tiroid xərçəngi ilə əlaqəli ola bilər. Lakin düyünlərin böyük əksəriyyəti xoşxassəlidir.

Düyünün yalnız ölçüsünə və ya əllə sərt hiss edilməsinə əsasən onun xərçəng olub-olmadığını müəyyən etmək mümkün deyil. Xərçəng riski klinik məlumatlar, ultrasəs xüsusiyyətləri və lazım olduqda biopsiya nəticəsi birlikdə qiymətləndirilərək müəyyən edilir.

Xüsusilə sürətlə böyüyən düyün, davamlı səs tutulması, boyunda şübhəli limfa düyünləri və ya ultrasəsdə şübhəli xüsusiyyətlərin olması daha ətraflı araşdırma tələb edir. Bununla belə, bu əlamətlərin mövcudluğu da avtomatik olaraq xərçəng diaqnozu demək deyil.

Tiroid düyünü necə qiymətləndirilir?
İlk mərhələdə xəstənin şikayətləri, əvvəlki xəstəlikləri və ailə anamnezi qiymətləndirilir və boyun müayinəsi aparılır.

Qanda ilk növbədə TSH, ehtiyac olduqda sərbəst T4 və digər hormonal göstəricilər yoxlanılır.

Düyünün struktur xüsusiyyətlərinin qiymətləndirilməsində əsas görüntüləmə üsulu qalxanabənzər vəzi və boyun ultrasəs müayinəsidir (USM).

Ultrasəs zamanı yalnız düyünün diametri deyil, onun tərkibi, exogenliyi, sərhədləri, forması, kalsifikasiyaların olub-olmaması və digər şübhəli xüsusiyyətlər qiymətləndirilir. Eyni zamanda boyundakı limfa düyünləri də yoxlanılır.

Buna görə “düyün neçə santimetrdir?” sualı təkbaşına onun təhlükəli olub-olmadığını müəyyən etmək üçün kifayət etmir.

TI-RADS nədir?
Ultrasəs zamanı tiroid düyünlərinin xüsusiyyətlərini sistemli şəkildə qiymətləndirmək üçün TI-RADS kimi risk təsnifatlarından istifadə oluna bilər.

Bu sistem düyünün ultrasəs xüsusiyyətlərinə əsasən onun şübhəlilik dərəcəsini müəyyənləşdirməyə və hansı düyünlərin izlənməli, hansılarından biopsiya götürülməli olduğunu qərarlaşdırmağa kömək edir.

TI-RADS nəticəsi xərçəng diaqnozu deyil. Bu, riskin qiymətləndirilməsi üçün istifadə olunan radioloji təsnifatdır.

Tiroid biopsiyası nə zaman lazımdır?


Hər tiroid düyünündən biopsiya götürmək lazım deyil.

Düyünün ölçüsü və ultrasəsdəki risk xüsusiyyətləri birlikdə nəzərə alınaraq biopsiya qərarı verilir.

Biopsiya adətən ultrasəs nəzarəti altında nazik iynə vasitəsilə aparılır və incə iynə aspirasiya biopsiyası — İİAB (FNAB) adlanır. Prosedur zamanı düyündən hüceyrə nümunəsi götürülərək sitoloji müayinəyə göndərilir.

Əksər hallarda bu, qısa müddətli və böyük cərrahi müdaxilə tələb etməyən prosedurdur.

Bethesda nəticəsi nə deməkdir?
Tiroid biopsiyasının nəticələri çox vaxt Bethesda sistemi ilə təsnif edilir. Bu sistem sitoloji nəticəni müxtəlif kateqoriyalara ayıraraq bədxassəlilik riskinin və sonrakı yanaşmanın müəyyənləşdirilməsinə kömək edir.

Bəzi nəticələrdə sadəcə müşahidə və təkrar ultrasəs kifayət edə bilər. Digər nəticələrdə biopsiyanın təkrarlanması, əlavə qiymətləndirmə və ya cərrahi müalicə müzakirə edilə bilər.

Ona görə biopsiya nəticəsində yalnız “Bethesda” rəqəmini görərək qərar vermək əvəzinə USM xüsusiyyətləri, düyünün ölçüsü, klinik məlumatlar və sitoloji nəticə birlikdə qiymətləndirilməlidir.

Hər tiroid düyünü əməliyyat olunmalıdırmı?
Xeyr. Tiroid düyününün olması özü-özlüyündə əməliyyat göstərişi deyil.

Xoşxassəli görünən, ciddi şikayət yaratmayan və risk xüsusiyyətləri daşımayan bir çox düyün müəyyən intervallarla ultrasəs müayinəsi ilə izlənə bilər.

Əməliyyat qərarı xəstənin fərdi xüsusiyyətlərinə əsasən verilməlidir.

Zob və tiroid düyünü nə zaman əməliyyat olunur?


Cərrahi müalicə xüsusilə tiroid xərçəngi və ya xərçəng şübhəsi olduqda nəzərdən keçirilir.

Bundan başqa, çox böyük zob, boyunda ciddi təzyiq hissi, nəfəsalma və ya udma çətinliyi yaradan böyümə, nəfəs borusunun sıxılması, döş qəfəsinə doğru böyüyən retrosternal zob və müəyyən funksional düyünlər cərrahi müalicəyə səbəb ola bilər.

Bəzi xəstələrdə biopsiyanın nəticəsi qəti xoşxassəli və ya bədxassəli diaqnoz verməyə bilər. Belə hallarda ümumi risk qiymətləndirildikdən sonra diaqnostik məqsədlə də əməliyyat lazım ola bilər.

Tiroid əməliyyatında vəzin hamısı çıxarılırmı?
Xeyr. Hər tiroid əməliyyatında qalxanabənzər vəzinin hamısını çıxarmaq lazım deyil.

Xəstəliyin növü və yayılmasına görə yalnız bir payın çıxarılması — lobektomiya/hemitiroidektomiya, yaxud qalxanabənzər vəzinin tamamının çıxarılması — total tiroidektomiya seçilə bilər.

Əməliyyatın həcmi düyünün xüsusiyyətləri, biopsiya nəticəsi, digər payın vəziyyəti, zobun ölçüsü və xəstənin ümumi klinik vəziyyəti nəzərə alınaraq müəyyən edilməlidir.

Məqsəd xəstəliyin tələb etdiyi qədər cərrahi müalicə aparmaq, eyni zamanda ehtiyac olmayan geniş əməliyyatdan qaçmaqdır.

Tiroid əməliyyatında səs siniri niyə vacibdir?
Qalxanabənzər vəzinin arxa hissəsinə çox yaxın rekurrent laringeal sinirlər yerləşir. Bu sinirlər səs tellərinin hərəkətində mühüm rol oynayır.

Tiroid əməliyyatında əsas prinsiplərdən biri səs sinirlərinin anatomik olaraq müəyyən edilməsi və qorunmasıdır.

Sinirin zədələnməsi səsdə dəyişiklik və ya səs tutulmasına səbəb ola bilər. Buna görə tiroid əməliyyatı sadəcə vəzin çıxarılmasından ibarət deyil; boyun anatomiyasının dəqiq bilinməsi və incə disseksiya tələb edir.

Seçilmiş hallarda əməliyyat zamanı sinir monitorinqindən (intraoperativ neuromonitorinq) də istifadə oluna bilər.

Paratiroid vəziləri niyə qorunmalıdır?
Qalxanabənzər vəzinin arxa səthinə yaxın yerləşən paratiroid vəziləri qanda kalsium səviyyəsinin tənzimlənməsində mühüm rol oynayır.

Xüsusilə total tiroidektomiya zamanı paratiroid vəzilərinin və onların qan təchizatının qorunması əsas cərrahi prinsiplərdəndir.

Əməliyyatdan sonra bəzi xəstələrdə qanda kalsium səviyyəsi müvəqqəti azala bilər. Bu zaman dodaq və barmaq uclarında keyimə, qarışqa gəzmə hissi və bəzi hallarda əzələ spazmları meydana çıxa bilər.

Belə hallarda kalsium və lazım olduqda aktiv D vitamini preparatları ilə müalicə aparılır.

Tiroid əməliyyatının riskləri nələrdir?


Hər cərrahi müdaxilə kimi tiroid əməliyyatının da müəyyən riskləri vardır.

Əsas spesifik ağırlaşmalar arasında əməliyyatdan sonrakı qanaxma və hematoma, səs sinirinin funksiyasının pozulması və qanda kalsiumun azalması (hipokalsemiya) yer alır.

İnfeksiya və yara ilə bağlı problemlər də mümkündür, lakin tiroid əməliyyatlarında nisbətən az rast gəlinir.

Risk səviyyəsi əməliyyatın həcmi, xəstəliyin xüsusiyyətləri, böyük və ya retrosternal zobun mövcudluğu, əvvəlki boyun əməliyyatları və digər amillərdən asılı olaraq dəyişir.

Əməliyyatdan sonra sağalma necə gedir?
Əksər xəstələr əməliyyatdan qısa müddət sonra ayağa qalxa, maye qəbul edə və daha sonra normal qidalanmaya keçə bilirlər.

Əməliyyatdan sonra səs, yara nahiyəsi və lazım olduqda qanda kalsium səviyyəsi nəzarətdə saxlanılır.

Xəstəxanada qalma və normal fəaliyyətə qayıtma müddəti aparılmış əməliyyatın həcmindən və xəstənin klinik vəziyyətindən asılıdır.

Tiroid çıxarıldıqdan sonra ömür boyu dərman içmək lazımdırmı?
Bu, aparılan əməliyyatın həcmindən asılıdır.

Total tiroidektomiyadan sonra qalxanabənzər vəzi artıq hormon istehsal etmədiyi üçün xəstə gündəlik levotiroksinqəbul etməlidir. Bu preparat orqanizmin normal olaraq istehsal etdiyi tiroid hormonunu əvəz edir.

Doza düzgün tənzimləndikdə xəstə normal və aktiv həyat sürə bilər.

Yalnız bir tiroid payının çıxarıldığı xəstələrin isə hamısında ömürlük hormon müalicəsi tələb olunmur. Sonrakı TSH göstəricilərinə əsasən qərar verilir.

Zob və tiroid düyünlərinə cərrahi yanaşmamız
Zob və tiroid düyünlərinin müalicəsində əsas məqsəd hər düyünü əməliyyat etmək deyil, əməliyyata həqiqətən ehtiyacı olan xəstəni düzgün müəyyən etməkdir.

Əməliyyat qərarından əvvəl tiroid və boyun ultrasəsi, hormonal göstəricilər, əvvəlki müayinələr və lazım olduqda biopsiya nəticələri birlikdə qiymətləndirilir.

Cərrahi müalicə lazım olduqda əməliyyatın həcmi xəstəliyə uyğun fərdi şəkildə planlaşdırılır. Əməliyyat zamanı səs sinirlərinin və paratiroid vəzilərinin qorunması, xərçəng şübhəsi olan hallarda isə onkoloji prinsiplərə uyğun cərrahiyyənin aparılması əsas məqsədlərdəndir.

Əgər sizdə tiroid düyünü, zob, böyüyən boyun kütləsi, biopsiyada şübhəli nəticə və ya əməliyyat tövsiyəsi varsa, mövcud ultrasəs, analiz və biopsiya nəticələri ilə birlikdə müraciət edərək vəziyyətin cərrahi baxımdan qiymətləndirilməsi mümkündür.