Süd vəzi xərçəngi diaqnozu qoyulan qadınların ən çox verdiyi suallardan biri “Süd vəzim tamamilə çıxarılmalıdırmı?” sualıdır. Müasir süd vəzi cərrahiyyəsində cavab bir çox xəstə üçün xeyrdir.
Uyğun seçilmiş xəstələrdə xərçəng olan sahənin sağlam toxuma sərhədi ilə birlikdə çıxarılması və süd vəzinin qalan hissəsinin qorunması mümkündür. Bu əməliyyat süd vəzi qoruyucu cərrahiyyə adlanır.
Məqsəd yalnız süd vəzisinin görünüşünü qorumaq deyil. Əsas məqsəd şişi onkoloji prinsiplərə uyğun şəkildə tam çıxarmaq və eyni zamanda mümkün qədər sağlam süd vəzi toxumasını saxlamaqdır.
Uyğun xəstələrdə süd vəzi qoruyucu cərrahiyyə və sonrasında lazım olan radioterapiya ilə əldə edilən uzunmüddətli onkoloji nəticələr mastektomiya ilə müqayisə edilə bilər. Buna görə süd vəzi xərçəngi diaqnozu avtomatik olaraq bütün süd vəzisinin çıxarılması demək deyil.
Süd vəzi qoruyucu əməliyyat zamanı xərçəng olan hissə ətrafındakı uyğun sağlam toxuma sərhədi ilə birlikdə çıxarılır, süd vəzisinin böyük hissəsi isə saxlanılır.
Əməliyyat müxtəlif mənbələrdə lumpektomiya, geniş lokal eksiziya və ya segmental rezeksiya kimi adlandırıla bilər. Əməliyyatın dəqiq həcmi şişin ölçüsü və yerləşməsinə görə dəyişir.
Çıxarılan toxuma patoloji müayinəyə göndərilir. Patoloq şişin xüsusiyyətlərini və xüsusilə şiş hüceyrələrinin cərrahi sərhədlərlə münasibətini qiymətləndirir.
Məqsəd süd vəzini mümkün qədər çox saxlamaqla yanaşı, şişi təmiz cərrahi sərhədlərlə çıxarmaqdır.
Süd vəzi qoruyucu cərrahiyyənin mümkün olub-olmaması yalnız şişin santimetrlə ölçüsündən asılı deyil.
Qərar verilərkən:
şişin süd vəzisinə nisbətən ölçüsü;
süd vəzisində yerləşdiyi nahiyə;
şiş ocaqlarının sayı və yayılması;
mammoqrafiya və digər görüntüləmə nəticələri;
sağlam cərrahi sərhəd əldə etmək imkanının olub-olmaması;
əməliyyatdan sonra gözlənilən estetik nəticə;
radioterapiyanın mümkün olub-olmaması;
əvvəlki müalicələr;
bəzi genetik risk faktorları;
xəstənin istəyi
birlikdə qiymətləndirilir.
Nisbətən böyük şiş olması həmişə süd vəzisinin qoruna bilməyəcəyi demək deyil. Bəzi xəstələrdə əməliyyatdan əvvəl aparılan neoadjuvant sistemik müalicə şişi kiçildərək süd vəzi qoruyucu əməliyyatı mümkün edə bilər.
Süd vəzi qoruyucu cərrahiyyədə ən vacib məsələlərdən biri cərrahi sərhədlərdir (surgical margins).
Şiş çıxarıldıqdan sonra patoloq preparatın kənarlarında xərçəng hüceyrələrinin olub-olmadığını qiymətləndirir.
İnvaziv süd vəzi xərçəngində ümumi qəbul edilmiş əsas prinsip şiş hüceyrələrinin preparatın boyalı kənarında olmamasıdır — “no tumor on ink”.
Duktal karsinoma in situ (DCIS) zamanı sərhəd qiymətləndirilməsi fərqli prinsiplərlə aparılır və klinik vəziyyətə uyğun qərar verilir.
Cərrahi sərhəddə şiş aşkarlanarsa, bəzi xəstələrdə əlavə toxumanın çıxarılması — re-eksiziya lazım ola bilər. Müəyyən vəziyyətlərdə isə mastektomiya daha uyğun seçim ola bilər.
Buna görə əməliyyatın məqsədi yalnız görünən kütləni çıxarmaq deyil, onkoloji cəhətdən adekvat rezeksiyaaparmaqdır.
Bəzi şişlərin sadəcə çıxarılması süd vəzisində nəzərəçarpan deformasiya, asimmetriya və ya çökəklik yarada bilər. Xüsusilə şiş böyükdürsə və ya estetik baxımdan problemli nahiyədə yerləşirsə, klassik lumpektomiyadan sonra kosmetik nəticə qənaətbəxş olmaya bilər.
Bu zaman onkoplastik cərrahiyyə üsullarından istifadə edilə bilər.
Onkoplastik cərrahiyyə onkoloji əməliyyat prinsipləri ilə plastik və rekonstruktiv cərrahiyyə texnikalarının birləşdirilməsidir.
Şiş adekvat sərhədlərlə çıxarıldıqdan sonra qalan süd vəzi toxuması yenidən formalaşdırılaraq yaranmış boşluq doldurula bilər. Müəyyən hallarda süd vəzi kiçiltmə və ya qaldırma prinsiplərinə bənzər texnikalardan istifadə edilir.
Seçilmiş xəstələrdə qarşı süd vəzisində də simmetriyanı yaxşılaşdırmaq üçün uyğun əməliyyat planlaşdırıla bilər.
Burada əsas prinsip dəyişmir: estetik nəticə onkoloji təhlükəsizlik hesabına əldə edilməməlidir.
Süd vəzi xərçəngində süd vəzisində aparılan əməliyyatla qoltuqaltı limfa düyünlərinə yanaşma iki ayrı məsələdir.
Erkən mərhələli və klinik olaraq qoltuqaltı limfa düyünlərində metastaz əlaməti olmayan bir çox xəstədə sentinel limfa düyünü biopsiyası aparıla bilər.
Sentinel limfa düyünləri süd vəzisindən gələn limfa axınının ilk çatdığı düyünlərdir. Bu düyünlərin patoloji qiymətləndirilməsi qoltuqaltının vəziyyəti haqqında mühüm məlumat verir.
Müasir süd vəzi cərrahiyyəsində hər xəstəyə avtomatik olaraq geniş aksilyar limfa düyünü disseksiyası aparılmır.
Bu yanaşma lazımsız geniş əməliyyatdan və onunla əlaqəli limfödem, hissiyat dəyişiklikləri və çiyin hərəkətlərinin məhdudlaşması kimi problemlərdən mümkün qədər qaçmağa imkan verir.
Qoltuqaltı limfa düyünlərinin cərrahiyyəsini ayrıca bölmədə daha geniş izah etmək lazımdır.
Əksər süd vəzi qoruyucu əməliyyatlardan sonra radioterapiya müalicənin mühüm hissəsidir.
Əməliyyat görünən və patoloji olaraq müəyyən edilə bilən şişi çıxarır. Radioterapiyanın məqsədi isə süd vəzisində qala biləcək mikroskopik şiş hüceyrələrini hədəfləyərək lokal təkrarlanma riskini azaltmaqdır.
Radioterapiyanın həcmi və müddəti xəstənin yaşı, şişin ölçüsü, limfa düyünləri, patoloji xüsusiyyətləri və digər risk faktorlarına görə fərdiləşdirilir.
Seçilmiş aşağı riskli xəstələrdə daha məhdud şüalandırma və ya bəzi xüsusi hallarda radioterapiyanın aparılmaması müzakirə oluna bilər. Lakin bu qərar standart olaraq bütün xəstələrə tətbiq edilmir.
Bu səbəbdən süd vəzi qoruyucu cərrahiyyə planlaşdırılarkən xəstənin əməliyyatdan sonrakı radioterapiya imkanları da əvvəlcədən nəzərə alınmalıdır.
Bu, xəstələrin ən çox verdiyi suallardan biridir.
Uyğun seçilmiş erkən mərhələli süd vəzi xərçəngi xəstələrində süd vəzi qoruyucu cərrahiyyə + uyğun radioterapiyauzunmüddətli sağqalım baxımından mastektomiyaya alternativ standart müalicədir.
Yəni süd vəzisinin tam çıxarılması avtomatik olaraq daha yaxşı onkoloji nəticə demək deyil.
Digər tərəfdən, hər xəstədə süd vəzini qorumaq mümkün və ya düzgün deyil. Geniş yayılmış xəstəlik, adekvat sərhəd əldə etməyin mümkün olmaması və digər müəyyən klinik vəziyyətlərdə mastektomiya daha uyğun seçim ola bilər.
Əsas məqsəd ən kiçik əməliyyatı və ya ən böyük əməliyyatı etmək deyil, konkret xəstə üçün doğru əməliyyatı seçməkdir.
Süd vəzi qoruyucu əməliyyatdan sonra xəstəxanada qalma müddəti adətən uzun olmur və bir çox xəstə qısa müddətdə gündəlik fəaliyyətinə qayıda bilir.
Əməliyyatdan sonra:
yara və süd vəzisinin görünüşü;
yekun patoloji nəticə;
cərrahi sərhədlər;
limfa düyünlərinin vəziyyəti;
ER, PR və HER2 kimi bioloji göstəricilər
birlikdə qiymətləndirilir.
Bundan sonra tibbi onkoloq və radiasiya onkoloqu ilə birlikdə əlavə müalicəyə ehtiyac müəyyən edilir.
Xəstənin şiş biologiyasından və mərhələsindən asılı olaraq radioterapiya ilə yanaşı hormonal müalicə, kimyaterapiya, anti-HER2 və ya digər sistemik müalicələr lazım ola bilər.
Müalicə tamamlandıqdan sonra qalan süd vəzi toxuması müntəzəm klinik və görüntüləmə nəzarətində saxlanılır.
Süd vəzi xərçəngində döş mütləq çıxarılmalıdırmı?
Xeyr. Uyğun xəstələrdə süd vəzi qoruyucu əməliyyat standart və onkoloji cəhətdən təhlükəsiz müalicə variantıdır.
Şiş böyükdürsə süd vəzi qoruna bilərmi?
Bəzən mümkündür. Süd vəzisinin ölçüsü, şişin lokalizasiyası və şiş-süd vəzi nisbəti vacibdir. Neoadjuvant müalicə və onkoplastik üsullar bəzi xəstələrdə qoruyucu əməliyyat imkanını artıra bilər.
Əməliyyatdan sonra süd vəzisinin forması dəyişəcəkmi?
Müəyyən dəyişiklik mümkündür. Bunun dərəcəsi çıxarılan toxumanın həcmi və yerləşməsindən asılıdır. Onkoplastik üsullar uyğun xəstələrdə estetik nəticəni yaxşılaşdırmağa kömək edə bilər.
Qoruyucu əməliyyatdan sonra xərçəng yenidən yarana bilərmi?
Lokal residiv riski sıfır deyil. Buna görə düzgün cərrahi sərhəd, uyğun radioterapiya, lazım olan sistemik müalicə və sonrakı izləmə vacibdir.
Mastektomiya etsəm radioterapiya lazım olmayacaqmı?
Mütləq deyil. Bəzi yüksək riskli və ya daha irəliləmiş xəstəliklərdə mastektomiyadan sonra da radioterapiya lazım ola bilər.
Hansı əməliyyatın mənə uyğun olduğunu necə müəyyən etmək olar?
Bunun üçün görüntüləmə, biopsiya və patoloji xüsusiyyətlər, şişin ölçüsü və lokalizasiyası, süd vəzisinin quruluşu və xəstənin fərdi xüsusiyyətləri birlikdə qiymətləndirilməlidir.
Blog, elanlar və bütün yeniliklərdən xəbərdar olmaq üçün e-mail abunəliyi edin