Süd vəzi xərçəngində qoltuqaltı — aksilyar limfa düyünlərinin vəziyyəti xəstəliyin mərhələsinin və müalicə strategiyasının müəyyənləşdirilməsində mühüm rol oynayır.
Süd vəzisindən gələn limfa axınının böyük hissəsi qoltuqaltı limfa düyünlərinə yönəlir. Buna görə süd vəzi xərçəngi yayıldıqda ilk təsirlənə bilən nahiyələrdən biri aksilyar limfa düyünləridir.
Lakin müasir süd vəzi cərrahiyyəsində “süd vəzi xərçəngi varsa, qoltuqaltındakı bütün limfa düyünləri çıxarılmalıdır” yanaşması artıq hər xəstə üçün doğru hesab edilmir.
Bu gün məqsəd xəstəliyin mərhələsini və yayılmasını düzgün müəyyən etməklə yanaşı, mümkün qədər lazımsız geniş cərrahiyyədən və onun yaratdığı limfödem kimi ağırlaşmalardan qaçmaqdır.
Limfa sistemi orqanizmdə maye balansının və immun sisteminin mühüm hissəsidir. Süd vəzisinin limfa drenajının əhəmiyyətli hissəsi qoltuqaltı limfa düyünlərinə gedir.
Süd vəzi xərçəngində şiş hüceyrələri limfa damarları vasitəsilə bu düyünlərə yayıla bilər.
Aksilyar limfa düyünlərinin vəziyyəti:
xəstəliyin mərhələsinin müəyyənləşdirilməsinə;
proqnozun qiymətləndirilməsinə;
əlavə sistemik müalicənin planlaşdırılmasına;
bəzi xəstələrdə radioterapiya qərarına
təsir göstərə bilər.
Ancaq limfa düyününün böyüməsi avtomatik olaraq metastaz demək deyil. İnfeksiya və digər xoşxassəli səbəblər də qoltuqaltı limfa düyünlərinin böyüməsinə səbəb ola bilər.
Qiymətləndirmə klinik müayinə ilə başlayır. Həkim qoltuqaltında böyümüş və ya şübhəli limfa düyününün olub-olmadığını yoxlayır.
Ultrasəs müayinəsi aksilyar limfa düyünlərinin morfologiyasını qiymətləndirmək üçün geniş istifadə olunur.
Şübhəli limfa düyünü aşkarlandıqda iynə biopsiyası aparıla bilər. Bu, əməliyyatdan əvvəl limfa düyünündə metastazın olub-olmadığını müəyyən etməyə kömək edir.
Xüsusilə əməliyyatdan əvvəl kimyaterapiya planlaşdırılan xəstədə metastatik limfa düyününün əvvəlcədən müəyyən edilməsi və uyğun hallarda işarələnməsi sonrakı cərrahi planlama baxımından əhəmiyyətli ola bilər.
Sentinel limfa düyünü şiş nahiyəsindən gələn limfa axınının ilk çatdığı limfa düyünü və ya düyünləridir.
Sentinel limfa düyünü biopsiyasının əsas ideyası sadədir: əgər ilk drenaj olunan limfa düyünlərində metastaz yoxdursa, bütün qoltuqaltı limfa düyünlərini çıxarmağa çox vaxt ehtiyac olmur.
Əməliyyat zamanı xüsusi tracer üsulları ilə sentinel limfa düyünləri müəyyən edilərək çıxarılır və patoloji müayinəyə göndərilir.
Beləliklə xəstəliyin limfa düyünlərinə yayılması haqqında məlumat əldə edilir, eyni zamanda geniş aksilyar disseksiyanın yarada biləcəyi ağırlaşmalardan bir çox xəstədə qaçmaq mümkün olur.
Sentinel limfa düyünü biopsiyası xüsusilə klinik olaraq aksilyar limfa düyünlərində metastaz aşkarlanmayan erkən süd vəzi xərçənglərində geniş istifadə olunur.
Sentinel limfa düyünündə şiş hüceyrələrinin aşkarlanması hər zaman qoltuqaltındakı bütün limfa düyünlərinin çıxarılması demək deyil.
Bu, müasir süd vəzi cərrahiyyəsində çox mühüm dəyişikliklərdən biridir.
Qərar:
metastazın həcmi;
neçə sentinel düyünün təsirləndiyi;
süd vəzisində aparılan əməliyyatın növü;
radioterapiya planı;
xəstəliyin digər patoloji xüsusiyyətləri;
xəstənin neoadjuvant müalicə alıb-almaması
nəzərə alınaraq verilir.
Uyğun seçilmiş bəzi erkən mərhələli xəstələrdə məhdud sentinel limfa düyünü metastazı olmasına baxmayaraq geniş aksilyar disseksiyadan qaçmaq mümkün ola bilər.
Bu səbəbdən “limfa düyünündə metastaz var = hamısı çıxarılmalıdır” yanaşması hər xəstə üçün doğru deyil.
Aksilyar limfa düyünü disseksiyası (ALND) qoltuqaltındakı daha geniş limfa düyünü qrupunun cərrahi olaraq çıxarılmasıdır.
Müasir yanaşmada ALND yalnız həqiqətən fayda gözlənilən xəstələrdə aparılmağa çalışılır.
Klinik olaraq əhəmiyyətli aksilyar xəstəlik, daha geniş nodal metastatik yük və bəzi digər vəziyyətlərdə aksilyar disseksiya lazım ola bilər.
Əməliyyat zamanı qoltuqaltından yalnız limfa düyünlərinin çıxarılması deyil, mühüm damar və sinir strukturlarının qorunması da əhəmiyyətlidir.
Əməliyyatın həcmi hər xəstənin xəstəlik mərhələsinə və aldığı digər müalicələrə uyğun fərdiləşdirilməlidir.
Bəzi süd vəzi xərçənglərində əməliyyatdan əvvəl neoadjuvant sistemik müalicə aparılır.
Əgər müalicədən əvvəl qoltuqaltı limfa düyünündə metastaz təsdiqlənibsə, sistemik müalicədən sonra bu metastaz tam və ya əhəmiyyətli dərəcədə geriləyə bilər.
Belə xəstələrdə aksillaya yanaşma əvvəlki dövrlərlə müqayisədə daha fərdiləşdirilmişdir.
Seçilmiş xəstələrdə müalicədən sonra sentinel limfa düyünü biopsiyası və əvvəlcədən metastatik olduğu sübut edilmiş və işarələnmiş düyünün çıxarılmasını əhatə edən targeted axillary dissection — hədəflənmiş aksilyar disseksiya kimi yanaşmalardan istifadə edilə bilər.
Məqsəd onkoloji təhlükəsizliyi qoruyaraq müalicəyə yaxşı cavab verən uyğun xəstələrdə lazımsız geniş aksilyar disseksiyadan qaçmaqdır.
Bu qərarlar xəstənin müalicədən əvvəlki nodal mərhələsi, müalicəyə cavabı və əməliyyat zamanı əldə edilən nəticələrə əsasən verilməlidir.
Aksilyar cərrahiyyədən sonra xəstələrin ən çox narahat olduğu problemlərdən biri limfödemdir.
Limfödem limfa axınının pozulması nəticəsində qol və ya əl nahiyəsində maye toplanması və şişkinliyin yaranmasıdır.
Risk:
çıxarılan limfa düyünlərinin sayı;
aksilyar disseksiyanın həcmi;
qoltuqaltı nahiyəyə radioterapiya;
piylənmə;
infeksiya və digər fərdi faktorlarla
əlaqəli ola bilər.
Sentinel limfa düyünü biopsiyasından sonra limfödem riski geniş aksilyar disseksiyaya nisbətən xeyli aşağıdır, lakin tamamilə sıfır deyil.
Limfödem erkən mərhələdə aşkarlanarsa fizioterapiya, kompressiya və digər müalicə üsulları ilə daha effektiv idarə oluna bilər.
Əməliyyatdan sonra müəyyən müddət qoltuqaltında ağrı, gərginlik, keylik və hissiyyat dəyişiklikləri ola bilər.
Bəzi xəstələrdə çiyin hərəkətlərində məhdudlaşma yarana bilər. Buna görə uyğun zamanda qol və çiyin hərəkətlərinin bərpasına yönəlmiş məşqlər və lazım olduqda fizioterapiya əhəmiyyətlidir.
Qolda davamlı şişkinlik, ağırlıq hissi və ya ölçü fərqi yaranarsa limfödem baxımından qiymətləndirmə aparılmalıdır.
Aksilyar əməliyyat keçirmiş xəstənin qolunu ömür boyu hər cür fəaliyyətdən qoruması və istifadə etməməsi düzgün yanaşma deyil. Əksinə, uyğun fiziki aktivlik və sağlam bədən çəkisinin qorunması uzunmüddətli reabilitasiyanın mühüm hissəsidir.
Qoltuqaltında böyümüş limfa düyünü xərçəng deməkdirmi?
Xeyr. İnfeksiyalar və digər xoşxassəli vəziyyətlər də limfa düyünlərinin böyüməsinə səbəb ola bilər. Şübhəli düyünlər görüntüləmə və lazım olduqda biopsiya ilə qiymətləndirilməlidir.
Süd vəzi xərçəngində bütün limfa düyünləri çıxarılırmı?
Xeyr. Bir çox erkən mərhələli xəstədə sentinel limfa düyünü biopsiyası kifayət edə bilər.
Sentinel düyündə metastaz varsa bütün düyünlər çıxarılacaqmı?
Mütləq deyil. Müasir müalicədə seçilmiş xəstələrdə məhdud sentinel düyün metastazına baxmayaraq geniş aksilyar disseksiyadan qaçmaq mümkündür.
Limfa düyünlərinin çıxarılması xərçəngi yayırmı?
Xeyr. Cərrahi biopsiya və ya limfa düyünlərinin çıxarılması xərçəngin yayılmasına səbəb olmur.
Limfödem mütləq yaranırmı?
Xeyr. Risk aparılan əməliyyatın həcmi və digər müalicələrdən asılıdır. Sentinel biopsiyadan sonra risk daha aşağıdır.
Kimyaterapiyadan sonra əvvəl metastatik olan limfa düyünləri təmizlənə bilərmi?
Bəli. Xüsusilə müəyyən bioloji alt tiplərdə neoadjuvant müalicədən sonra limfa düyünlərində tam patoloji cavab əldə edilə bilər. Sonrakı cərrahi yanaşma fərdi olaraq planlaşdırılır.
Blog, elanlar və bütün yeniliklərdən xəbərdar olmaq üçün e-mail abunəliyi edin