Haşimato xəstəliyi

HAŞİMOTO TİROİDİTİ


Haşimoto tiroiditi qalxanabənzər vəzin (tiroid vəzinin) ən çox rast gəlinən autoimmun xəstəliklərindən biridir. Bu xəstəlik zamanı immun sistemi müxtəlif səbəblərdən tiroid toxumasını yad toxuma kimi qəbul edərək ona qarşı anticisimlər yaradır. Nəticədə tiroid vəzisində uzunmüddətli iltihabi proses inkişaf edir və zaman keçdikcə vəzin hormon istehsal etmək qabiliyyəti azala bilər.

Haşimoto tiroiditi xüsusilə qadınlarda daha çox rast gəlinir və hipotireozun — yəni tiroid hormonlarının çatışmazlığının — ən mühüm səbəblərindən biridir. Xəstəlik uzun müddət heç bir şikayət yaratmadan davam edə bildiyi üçün bəzi insanlarda təsadüfən aparılmış qan analizi və ya ultrasəs müayinəsi zamanı aşkarlanır.

Haşimoto diaqnozu qoyulması avtomatik olaraq əməliyyat olunmaq demək deyil. Əksinə, xəstələrin böyük əksəriyyətində əsas müalicə endokrinoloq nəzarəti və lazım olduqda tiroid hormonunun əvəzləyici müalicəsidir. Cərrahi müalicə yalnız müəyyən göstərişlər olduqda nəzərdən keçirilir.

 

Haşimoto tiroiditi niyə yaranır?


Haşimoto tiroiditinin yaranmasının tək bir səbəbi yoxdur. Xəstəliyin inkişafında genetik meyllilik, immun sisteminin xüsusiyyətləri və müxtəlif ətraf mühit faktorlarının birlikdə rol oynadığı düşünülür.

Ailəsində Haşimoto tiroiditi və ya digər autoimmun xəstəliklər olan şəxslərdə risk daha yüksək ola bilər. Xəstəlik qadınlarda kişilərlə müqayisədə daha çox müşahidə edilir.

İmmun sisteminin tiroid vəzinə qarşı yaratdığı anticisimlər arasında ən çox anti-TPO (tiroid peroksidazaya qarşı anticisim) və anti-Tg (tiroqlobulinə qarşı anticisim) araşdırılır.

Bu anticisimlərin yüksək olması autoimmun tiroidit ehtimalını dəstəkləyir, lakin yalnız anticisim nəticəsinə əsaslanaraq xəstənin müalicəsi və ya əməliyyat qərarı verilməməlidir.

Haşimoto hansı əlamətlərə səbəb ola bilər?
Xəstəliyin erkən mərhələlərində tiroid hormonları normal qala bilər və xəstədə heç bir şikayət olmaya bilər. Tiroid vəzinin funksiyası azaldıqca hipotireoz əlamətləri ortaya çıxa bilər.

Ən çox rast gəlinən şikayətlər yorğunluq, halsızlıq, yuxululuq, soyuğa həssaslıq, çəki artımı, qəbizlik, dəridə quruluq, saç tökülməsi, diqqət və yaddaşda zəifləmə, əhval dəyişiklikləri və qadınlarda menstrual pozğunluqlardır.

Bəzi xəstələrdə tiroid vəzi böyüyərək boyunda şişkinlik — zob yarada bilər. Vəzin və ya yanaşı düyünlərin əhəmiyyətli böyüməsi zamanı boyunda təzyiq hissi, udma çətinliyi və nadir hallarda tənəffüslə bağlı şikayətlər meydana çıxa bilər.

Bu əlamətlərin heç biri yalnız Haşimoto xəstəliyinə məxsus deyil. Buna görə diaqnoz şikayətlərlə yanaşı laborator və görüntüləmə nəticələrinin birlikdə qiymətləndirilməsi ilə qoyulur.

 

Haşimoto diaqnozu necə qoyulur?


Diaqnostikada ilk növbədə tiroid vəzinin funksiyası qiymətləndirilir. Bunun üçün əsasən TSH və sərbəst T4 (fT4)səviyyələri yoxlanılır.

Autoimmun prosesin müəyyənləşdirilməsi üçün anti-TPO və lazım gəldikdə anti-Tg anticisimləri araşdırıla bilər.

Tiroid ultrasəs müayinəsi vəzin ölçüsünü və strukturunu, həmçinin düyün olub-olmadığını qiymətləndirmək üçün istifadə edilir. Haşimoto zamanı ultrasəsdə tiroid toxumasının qeyri-homogen və hipoexogen görünməsi kimi xarakterik dəyişikliklər müşahidə oluna bilər.

Lakin hər Haşimoto xəstəsinə təkrar-təkrar ultrasəs müayinəsi aparılması və ya anticisim səviyyələrinin davamlı izlənilməsi mütləq deyil. Müayinələrin tezliyi xəstənin klinik vəziyyətinə və yanaşı tiroid düyünlərinin olub-olmamasına görə müəyyənləşdirilməlidir.

Haşimoto və tiroid düyünləri
Haşimoto tiroiditi olan xəstələrdə tiroid daxilində düyünlər də aşkar edilə bilər. Bu zaman əsas məsələ düyünün sadəcə autoimmun dəyişikliklə əlaqəli olub-olmadığını və ya ayrıca qiymətləndirilməli real tiroid düyünü olduğunu müəyyənləşdirməkdir.

Ultrasəs zamanı düyünün ölçüsü ilə yanaşı quruluşu, sərhədləri, exogenliyi, forması və digər şübhəli xüsusiyyətləri qiymətləndirilir.

Hər tiroid düyününə biopsiya lazım deyil. İncə iynə aspirasiya biopsiyasına (İİAB/FNAB) ehtiyac düyünün ultrasəs xüsusiyyətləri, ölçüsü və xəstənin risk faktorlarına əsasən müəyyən edilir.

Şübhəli düyün aşkar edildikdə onun Haşimoto xəstəliyinə aid edilib nəzarətsiz buraxılması düzgün yanaşma deyil.

 

Haşimoto tiroid xərçənginə çevrilirmi?


Xəstələrin ən çox verdiyi suallardan biri budur.

Haşimoto tiroiditi özü “xərçəngə çevrilən” bir xəstəlik kimi qəbul edilməməlidir. Haşimoto ilə bəzi tiroid malignitələri arasında statistik əlaqələr barədə elmi məlumatlar mövcuddur, lakin Haşimoto diaqnozu qoyulması xəstənin gələcəkdə mütləq tiroid xərçəngi olacağı anlamına gəlmir.

Əsas məsələ tiroid vəzisində şübhəli düyün aşkar edilərsə, onu ayrıca və düzgün qiymətləndirməkdir. Ultrasəsdə şübhəli xüsusiyyətlər olduqda və göstəriş yarandıqda biopsiya aparılır.

 

Haşimoto necə müalicə olunur?


Haşimoto üçün bütün xəstələrə tətbiq edilən və autoimmun prosesi tamamilə aradan qaldıran xüsusi bir müalicə yoxdur. Müalicənin əsas məqsədi tiroid funksiyasını normal saxlamaqdır.

Tiroid hormonlarının istehsalı kifayət qədər azalıb hipotireoz yarandıqda əsas müalicə levotiroksin ilə hormon əvəzlənməsidir. Doza xəstənin TSH səviyyəsinə, yaşına, çəkisinə, yanaşı xəstəliklərinə və digər klinik xüsusiyyətlərinə uyğun fərdi şəkildə müəyyən edilir.

Haşimoto diaqnozu olan, lakin tiroid funksiyası normal qalan hər xəstənin dərhal hormon preparatı qəbul etməsi lazım deyil. Belə xəstələrdə laborator nəzarət və klinik izləmə kifayət edə bilər.

Dərmanın dozasını özbaşına artırmaq, azaltmaq və ya dayandırmaq düzgün deyil.

 

Haşimoto zamanı qidalanma necə olmalıdır?


Haşimoto üçün bütün xəstələrdə xəstəliyi aradan qaldırdığı sübut edilmiş xüsusi bir “Haşimoto pəhrizi” yoxdur.

Balanslı qidalanma, kifayət qədər zülal, tərəvəz, meyvə və digər əsas qida maddələrinin qəbul edilməsi ümumi sağlamlıq üçün faydalıdır. Yod, selenium və digər əlavələrin isə həkim məsləhəti olmadan yüksək dozada qəbul edilməsi düzgün deyil. Xüsusilə həddindən artıq yod qəbulu bəzi autoimmun tiroid xəstəliklərində mənfi təsir göstərə bilər.

Qlütensiz pəhriz də bütün Haşimoto xəstələri üçün rutin olaraq tələb olunmur. Çölyak xəstəliyi və ya başqa tibbi göstəriş olduqda ayrıca qiymətləndirilməlidir.

 

Haşimoto zamanı əməliyyat lazımdırmı?


Haşimoto tiroiditinin özü adətən əməliyyat göstərişi deyil. Xəstələrin böyük əksəriyyətinin cərrahi müalicəyə ehtiyacı olmur.

Lakin bəzi hallarda tiroid əməliyyatı gündəmə gələ bilər. Bunlara biopsiyada xərçəng və ya xərçəng şübhəsinin müəyyən edilməsi, böyük zobun nəfəs borusuna və ya qida borusuna təzyiq göstərməsi, ciddi udma və ya tənəffüs şikayətlərinin yaranması, eləcə də ayrıca cərrahi göstəriş yaradan düyünlərin olması daxildir.

Yəni əməliyyat qərarı sadəcə “Haşimoto var” deyə deyil, xəstənin konkret anatomik və klinik probleminə görəverilir.

Haşimoto xəstəsində tiroid əməliyyatı
Cərrahi göstəriş yarandıqda əməliyyatın həcmi xəstəliyin səbəbinə, düyünlərin xüsusiyyətlərinə, biopsiya nəticəsinə və digər klinik faktorlara əsasən müəyyənləşdirilir.

Tiroid cərrahiyyəsində əsas məqsəd xəstə toxumanın təhlükəsiz şəkildə çıxarılması ilə yanaşı, səs tellərini hərəkət etdirən rekurrent laringeal sinirlərin və qanda kalsium səviyyəsinin tənzimlənməsində mühüm rol oynayan paratiroid vəzilərinin qorunmasıdır.

Haşimoto nəticəsində yaranan xroniki iltihab bəzi xəstələrdə tiroid toxumasının ətraf toxumalara daha sıx yapışmasına səbəb ola bilər. Bu səbəbdən cərrahi anatomiya və əməliyyat texnikası xüsusi əhəmiyyət daşıyır.

 

Əməliyyatdan sonra nə baş verir?


Əgər total tiroidektomiya — yəni tiroid vəzinin tam çıxarılması — aparılıbsa, orqanizm artıq tiroid hormonu istehsal edə bilmədiyi üçün xəstə ömürboyu levotiroksin qəbul edir.

Düzgün dozada qəbul edilən levotiroksin orqanizmin ehtiyac duyduğu tiroid hormonunu əvəz edir və xəstələrin böyük əksəriyyəti normal həyat fəaliyyətini davam etdirə bilir.

Əməliyyatdan sonra xüsusilə ilk dövrdə TSH və lazım gəldikdə digər laborator göstəricilər yoxlanılaraq dərmanın dozası tənzimlənir.

Haşimoto zamanı mütəmadi nəzarət niyə vacibdir?
Haşimoto xroniki xəstəlikdir və tiroid funksiyası zamanla dəyişə bilər. Bu səbəbdən xəstənin vəziyyətinə uyğun intervallarla TSH və digər lazım olan göstəricilərin yoxlanılması vacibdir.

Tiroid düyünü olan xəstələrdə isə düyünün xüsusiyyətlərinə uyğun ultrasəs nəzarəti planlaşdırıla bilər.

Müalicə və nəzarət planı hər xəstə üçün eyni olmamalıdır. Yaş, simptomlar, laborator göstəricilər, hamiləlik planı, yanaşı xəstəliklər və tiroid vəzinin anatomik xüsusiyyətləri nəzərə alınmalıdır.

 

Tez-tez verilən suallar


Haşimoto tamamilə sağalırmı?


Haşimoto xroniki autoimmun xəstəlikdir. Autoimmun proses adətən tamamilə yox olmur, lakin tiroid funksiyası düzgün izlənildikdə və lazım olan müalicə tətbiq edildikdə xəstə normal həyat sürə bilər.

Haşimoto olan hər kəs dərman qəbul etməlidirmi?
Xeyr. Tiroid funksiyası normaldırsa, bəzi xəstələrdə yalnız izləmə kifayət edir. Hormon çatışmazlığı yarandıqda levotiroksin müalicəsi lazım ola bilər.

Haşimoto olan hər xəstəyə biopsiya lazımdırmı?
Xeyr. Biopsiya Haşimoto diaqnozunun özü üçün rutin olaraq aparılmır. Əsasən ultrasəsdə biopsiya göstərişi yaradan düyün olduqda tətbiq edilir.

Haşimoto xərçəng deməkdirmi?
Xeyr. Haşimoto autoimmun tiroid xəstəliyidir və xərçəng diaqnozu deyil.

Haşimoto əməliyyatla müalicə olunurmu?
Adətən yox. Əməliyyat yalnız xərçəng və ya xərçəng şübhəsi, kompressiya yaradan böyük zob və ya digər konkret cərrahi göstərişlər olduqda nəzərdən keçirilir.

Haşimoto zamanı hamilə qalmaq mümkündürmü?
Bəli. Lakin hamiləlik planlaşdıran və ya hamilə olan qadınlarda tiroid hormonlarının düzgün səviyyədə saxlanılması xüsusi əhəmiyyət daşıyır və TSH daha yaxından izlənilə bilər.

Haşimoto xəstəsinə yanaşma
Haşimoto diaqnozu yalnız ultrasəsdə görülən dəyişiklik və ya yüksək anti-TPO nəticəsi kimi qəbul edilməməlidir. Xəstənin şikayətləri, TSH və tiroid hormonları, ultrasəs nəticələri, düyünlərin xüsusiyyətləri və digər risk faktorları birlikdə qiymətləndirilməlidir.

Əsas məqsəd lazımsız müayinə və əməliyyatlardan qaçmaq, eyni zamanda cərrahi müdaxilə tələb edən düyün və ya digər patologiyanı vaxtında müəyyən etməkdir.

Haşimoto tiroiditi, tiroid düyünləri və ya əməliyyat ehtiyacı ilə bağlı qiymətləndirmə üçün müayinəyə müraciət edə bilərsiniz.

Qəbula yazılmaq üçün bizimlə əlaqə saxlayın.